HAQQIMIZDA

“LAMİH” İctimai Birliyi 26 avqust 2016-cı ildə yaradılmışdır. Əsas hədəfimiz vətəninə, dövlətinə, xalqına, torpağına, bayrağına sadiq, etibarlı, milli-mənəvi dəyərlərini qoruyan, savadlı, müasir və imanlı gəncliyin yetişməsində rol oynamaqdır. Başlıca məqsədimiz ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində atdığımız addımlar gördüyümüz işlərin bariz bir nümunəsidir.

“LAMİH” – qədim Azərbaycan soyköklü sözdür. Günəş, parlaq, işıqlı deməkdir. Eyni zamanda sözdəki hərflər cənab prezident İlham Əliyev və ailə üzvlərinin adlarının baş hərflərinə uyğunlaşdırılıb.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramlarının imzalanması və onların həyata keçirilməsi, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq edilməsi ilə bağlı sərəncamın imzalanması ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da dövlətin gənclər siyasətinin daha da geniş və effektli həyata keçirilməsi üçün çalışır. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Baş verən bütün struktur yenilikləri də ölkə gəncliyinə xüsusi münasibəti göstərir.